Cənubi Qafqazda böyük geosiyasi qarşıdurma və sərhəd yenilənməsi mərhələsi həlledici fazaya qədəm qoyur.
Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin növbəti addımı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP layihəsi - Zəngəzur dəhlizi) çərçivəsində gözləniləndən daha tez gerçəkləşə bilər. Mövzu ilə bağlı diqqətçəkən açıqlama verən Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan bildirib ki, Sünik (Zəngəzur) vilayətində TRIPP layihəsinin ərazini əhatə edən şəbəkə və kommunikasiya infrastrukturları ilə bağlı delimitasiya işlərinin vaxtından əvvəl, növbədənkənar qaydada aparılması ehtimalı son dərəcədə yüksəkdir.
Baş nazirin müavini vurğulayıb ki, rəsmi İrəvan strategiya çərçivəsində yaranacaq elektrik ötürücü xətlərinin, yeni avtomobil magistralının və dəmir yolu xətlərinin layihələndirilməsi mərhələsinə dərhal start vermək azmindədir. Analoji mövqeni parlamentdəki çıxışında təsdiqləyən Ermənistanın Baş naziri Nikol Paşinyan da noyabrın 2-də qeyd edib ki, hökumət TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan dəmir yolu, avtomobil nəqliyyatı xətləri və elektrik ötürücülərinin muxtar sifarişlərinə rəsmən başlayır. Paşinyanın qənaətincə, ratifikasiya olunan bu meqalayihə Ermənistanın 30 ildən çoxdur davam edən iqtisadi və coğrafi blokadadan tamamilə çıxmasına imkan verəcək.
Lakin Zəngəzur dəhlizinin işə düşməsi ərəfəsində İranın regional narahatlığı və reaksiyası yenidən pik həddə çatıb. İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami jurnalistlərə bəyan edib ki, Tehran TRIPP proqramının regionda yarada biləcəyi acı nəticələrdən ciddi şəkildə narahatdır. Diplomat vurğulayıb ki, proses boyunca Ermənistanın ərazi bütövlüyünə və milli suverenliyinə ciddi riayət olunmalı, üçüncü tərəflərin İran-Ermənistan strateji əlaqələrinə zərbə vurmasına heç bir halda şərait yaradılmamalıdır. Səfirin sözlərinə görə, İranın təməl tələbi Ermənistan-İran sərhəd xətti boyunca hər hansı xarici hərbi kontingentin yerləşdirilməməsi və həmin ərazilərdən İrana qarşı təhlükə bazasının formalaşdırılmamasıdır.
Şirqolami bildirib ki, İrəvan rəsmiləri belə presedentlərin olmayacağına dair təminat versələr də, Tehran yalnız şifahi siyasi bəyanatlarla yetinmək niyyətində deyil və layihənin icrasında konkret nəzarət mexanizmlərinin qurulmasını tələb edir. Tehran İrəvanla birbaşa problemləri həll edə biləcək xüsusi müzakirə formatının yaradılmasını vacib sayır. Bu durum göstərir ki, İran Zəngəzur dəhlizi boyunca ABŞ və ya digər qərb qüvvələrinin formalaşmasından dərin təşviş keçirir və Cənubi Qafqazda öz geosiyasi imkanlarının sıradan çıxacağı təqdirdə bölgədə yeni hərbi qarşıdurma riskləri yetişir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib ki, Zəngəzur dəhlizi – TRIPP layihəsi ətrafında cərəyan edən son proseslər Cənubi Qafqazın taleyini həll edəcək dərəcədə kritik bir geosiyasi müstəviyə keçib : "Ermənistan rəhbərliyinin ABŞ-ın birbaşa dəstəyi ilə Zəngəzurda delimitasiya işlərini təcili qaydada öndə çəkməsi və layihələndirməyə başlaması regional güclərin, xüsusən də İranın maraqları ilə kəskin şəkildə toqquşur. Tehran hakimiyyəti yaxşı anlayır ki, bu marşrutun işə düşməsi onun Ermənistan üzərindən keçən tranzit monopoliyasını və regiondakı hərbi-siyasi təsir rıçaqlarını tamamilə əlindən alacaq. Məhz bu səbəbdən İran diplomatiyası həm bəyanatlarla müdafiə olunmağa çalışır, həm də pərdəarxasında güc nümayiş etdirməyə zəmin hazırlayır".
Onun sözlərinə görə, İranın Ermənistandakı səfiri Xəlil Şirqolaminin sərt və şərtli bəyanatları əslində rəsmi Tehranın son xəbərdarlığı kimi qiymətləndirilməlidir : "İran tərəfi sülh və nəqliyyat adı altında öz sərhədlərində ABŞ, NATO və ya digər kənar qərb qüvvələrinin, hərbi və ya kəşfiyyat strukturlarının peyda olmasını özünün milli təhlükəsizliyinə birbaşa qırmızı xətt və qorxulu təhlükə hesab edir. Rəsmi İrəvan nə qədər təminatlar versə də, Tehran üçün şifahi vədlər heç bir əhəmiyyət kəsb etmir. İran yaxşı dərk edir ki, Paşinyan hakimiyyəti Qərblə təhlükəsizlik alverinə girərək regiona kənar gücləri gətirməyə çalışır. Bu isə Zəngəzur koridoru zolağında İran ilə Qərb arasında birbaşa hərbi toqquşma və lokal savaş riskini dəfələrlə artırır".
Şərhçi qeyd edib ki, bölgədə yeni savaş riskini körükləyən əsas amil İrəvanın balanslaşdırılmamış və təhlükəli siyasətidir : "Əgər Ermənistan rəhbərliyi İranın narahatlıqlarını nəzərə almadan və region ölkələrinin maraqlarını tapdalayaraq dəhlizə xarici hərbi və ya təhlükəsizlik elementləri cəlb etməyə cəhd göstərərərsə, Tehran hərbi variantları da masaya gətirə bilər. İranın Zəngəzur istiqamətində sərhədə qoşun cəmləməsi və ya preemptiv (qabaqlayıcı) addımlar atması gözlənilən ssenarilər sırasındadır. Azərbaycan üçün əsas prinsip dəhliz proqramının təhlükəsiz və maneəsiz şəkildə açılmasıdır. Lakin Ermənistanın Qərb və İran arasında alətə çevrilməsi Zəngəzuru sülh dəhlizi olmaqdan çıxarıb böyük güclərin qanlı savaş meydanına çevirə bilər. Bütün bu təhdidlərin fonunda Zəngəzurda yaxınlaşan proseslər Cənubi Qafqazın yeni hərbi-geosiyasi xəritəsini müəyyən edəcəkdir".