Qlobal istiləşmə yalnız havanı deyil, geyim mədəniyyətini də dəyişməyə başlayıb
Yay gələn kimi Azərbaycanda təkcə havanın temperaturu yox, şortik müzakirələri də qızışır. Hər il olduğu kimi, bu il də ictimai nəqliyyatda, dövlət idarələrində, ticarət mərkəzlərində, İçərişəhərdə, hətta küçədə belə şortik geyinənlərlə bağlı mübahisələr, iradlar, sosial şəbəkələrdə sərt polemikalar gündəmdən düşmür. Bəzən bu mübahisələr söz atışması ilə yekunlaşır, bəzən isə şortik davası polis müdaxiləsinə qədər gedib çıxır.
İllərdir elə təsəvvür formalaşıb ki, geyimlə bağlı bu cür qalmaqallar daha çox Şərq cəmiyyətlərinə xasdır. Ancaq görünür, dünyanın ən inkişaf etmiş ölkələri belə bu mövzuda ortaq məxrəcə gələ bilməyiblər. Hazırda Yaponiyada milyonlarla insanın müzakirə etdiyi əsas mövzulardan biri də məhz kişilərin işə şortiklə gəlməsi və... ayaqlarındakı tüklərdir.
Tokio rəhbərliyi rekord istilərlə mübarizə məqsədilə kişilərə ofisə şortik və idman ayaqqabısı ilə gəlməyi tövsiyə etsə də, bu qərar gözlənilməz mübahisələr yaradıb. Xüsusilə qadın əməkdaşlar kişi həmkarlarının tüklü ayaqlarını görməyə məcbur qalmağın onları narahat etdiyini bildirirlər. Hətta sosial şəbəkələrdə bunun üçün yeni termin də yaranıb - "sunehara". Bu söz kişi həmkarlarının tüklü ayaqlarını görməkdən yaranan psixoloji diskomfortu ifadə edir.
Beləliklə, Azərbaycanda "şortik geyinmək olar, ya olmaz" sualı müzakirə olunduğu bir vaxtda, Yaponiyada artıq başqa sual gündəmdədir: "Şortik geyinən kişinin ayaqları tüklü olmalıdır, yoxsa epilyasiya edilməlidir?"
2026-cı ilin yayı Yaponiya üçün son illərin ən isti mövsümlərindən biri kimi tarixə düşür. Rekord temperatur, yüksək rütubət və enerji daşıyıcılarının bahalaşması Tokio rəhbərliyini yeni addımlar atmağa vadar edib.
Tokio qubernatoru Yuriko Koike hələ aprel ayında "Tokyo Cool Biz" proqramının başladığını elan edib. Proqramın əsas məqsədi iş yerlərində kondisionerlərdən istifadənin azaldılması, enerji sərfiyyatının minimuma endirilməsi və insanların rekord istilərə daha rahat uyğunlaşmasını təmin etməkdir.
Bu məqsədlə şirkətlərə tövsiyə olunub ki, əməkdaşlardan klassik kostyum, qalstuk və ağır ayaqqabı tələb etməsinlər. Əvəzində kişilər işə şortik, polo köynək və idman ayaqqabısında gələ bilərlər. Lakin rahatlıq gətirməli olan qərar yeni mübahisələrə yol açıb. Tokioda çalışan çoxsaylı qadınlar bildirirlər ki, kişilərin şortikdə ofisə gəlməsi onları narahat edir. Səbəb isə gözlənilməzdir – ayaq tükləri. Onların fikrincə, yaxın məsafədə saatlarla kişi həmkarlarının çılpaq və tüklü ayaqlarını görmək xoşagəlməz hiss yaradır və bu, müəyyən mənada şəxsi sərhədlərin pozulması kimi qəbul edilir.
Sosial şəbəkələrdə bu vəziyyət "sunehara" termini ilə ifadə olunmağa başlayıb. Sözün mahiyyəti "ayaq tüklərinin yaratdığı narahatlıq" mənasını verir.
Maraqlıdır ki, "Tokyo Cool Biz" proqramı əsasən kişilərə şamil olunur. Qadınlar isə əvvəlki qaydalara əməl etməyə davam etməlidirlər. Onlardan hava 40 dərəcə olsa belə, don, ətək və ya şortiklə birlikdə kolqotka geyinmək tələb olunur.
Məhz bu səbəbdən bir çox qadın yeni qaydaları gender baxımından ədalətsiz hesab edir.
Onların fikrincə, kişilər daha rahat geyinmək imkanı əldə etdiyi halda, qadınların rahatlığı nəzərə alınmayıb.
"Gorilla Clinic" klinikasının sifarişi ilə keçirilən rəy sorğusunda respondentlərin 53,5 faizi iş yerində şortik geyinilməsinin əleyhinə çıxıb.
46,5 faiz isə hesab edir ki, isti havada hər kəs daha rahat geyinmək hüququna malikdir. Sorğunun maraqlı nəticələrindən biri də budur ki, kişi həmkarlarının ayaq tüklərini görməkdən narahat olduğunu bildirən qadınların sayı kişilərdən xeyli çox olub.
Müzakirələrin yaratdığı sosial təzyiq yeni biznes imkanları da formalaşdırıb. "Gorilla Clinic"in direktoru Akifumi Funatsu bildirir ki, son aylarda kişilər arasında ayaqlara lazer epilyasiyası etdirmək istəyənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Onun sözlərinə görə, müştərilər bunu estetik səbəbdən deyil, iş yerində həmkarlarını narahat etməmək və "şortik etiketi"nə uyğun görünmək üçün edirlər. Bütün bu mübahisələrin fonunda Yaponiya ciddi iqlim problemi yaşayır. Son günlər ölkədə temperatur bir sıra bölgələrdə 40 dərəcəni ötüb. Yaponiya Meteorologiya Agentliyi dözülməz isti gün xəbərdarlığı elan edib. Təkcə bir həftə ərzində istivurma nəticəsində 7 nəfər həyatını itirib, 4580 nəfər isə xəstəxanalara yerləşdirilib.
Hakimiyyət əhaliyə bol su içməyi, günəş altında uzun müddət qalmamağı və kondisionerlərdən istifadə etməyi tövsiyə edir.
Yaponlar isə isti ilə mübarizə üçün portativ ventilyatorlardan, soyuducu geyimlərdən, xüsusi çətirlərdən və müxtəlif texnoloji vasitələrdən istifadə etməyə başlayıblar. Əslində, Yaponiyada yaşananlar Azərbaycanda hər yay yenidən alovlanan müzakirələri xatırladır. Bizdə də şortik geyinən şəxslərin ictimai yerlərə buraxılmaması, dövlət qurumlarında və bəzi müəssisələrdə geyimlə bağlı qeyri-rəsmi məhdudiyyətlər, eləcə də sosial şəbəkələrdə "şortik mədəniyyəti" ətrafında bitib-tükənməyən mübahisələr hər il gündəmə gəlir. Fərq ondadır ki, Azərbaycanda əsas mübahisə "şortik geyinmək olarmı?" sualı ətrafında cərəyan edir. Yaponiyada isə artıq növbəti mərhələyə keçiblər: "Şortik geyinən kişinin ayağında tük qalmalıdır, yoxsa yox?"
Bu isə göstərir ki, qlobal istiləşmə yalnız havanı deyil, geyim mədəniyyətini, sosial münasibətləri və hətta estetik normaları da dəyişməyə başlayıb.