ABŞ Mərkəzi Komandanlığına tabe “Dəmir qapı” adlanan xüsusi əməliyyat qrupunun fəaliyyəti nə olacaq? ; Rusiya nəşrindən Azərbaycanla bağlı diqqətçəkən açıqlamalar
Vaşinqton İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi əməliyyat qrupu yaradıb.
Musavat.com “Svobodnaya Pressa”ya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq məqsədilə xüsusi əməliyyat qrupunun yaradılması barədə göstəriş verib.
CENTCOM-un məlumatına görə, “Iron Gate” (“Dəmir qapı”) adlandırılan yeni struktur ABŞ-ın digər dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək. Onun əsas vəzifəsi İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə müasir silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiyalara məruz qalan materialların və qanunsuz gəlirlərin daşınmasının qarşısını almaqdır. Qrupun fəaliyyətində ABŞ Maliyyə Nazirliyi, Dövlət Departamenti, Ədliyyə Nazirliyi və kəşfiyyat strukturlarının nümayəndələrinin də iştirak edəcəyi bildirilir.“Reuters” agentliyi qeyd edir ki, bu əməliyyat qrupunun yaradılması ABŞ-ın İrana təzyiqi gücləndirmək üçün yeni yollar axtardığını göstərir.
Rusiyalı ekspert, Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) İqtisadiyyat fakültəsinin müəllimi və Rusiya Hökuməti yanında Maliyyə Universitetinin eksperti Fərhad İbrahimov hesab edir ki, Vaşinqton İranı hərbi yolla istədiyi nəticəyə gətirə bilmədiyindən bu dəfə onun iqtisadi və logistika imkanlarını məhdudlaşdırmağa çalışır. Ekspertin fikrincə, ABŞ-ın məqsədi İranın beynəlxalq nəqliyyat marşrutlarını nəzarətə götürmək və ölkənin xarici ticarət əlaqələrini zəiflətməkdir. Bu strategiyanın hazırlanmasında ABŞ-ın maliyyə naziri Skott Bessentin də mühüm rol oynadığını deyən ekspert hesab edir ki, Vaşinqton İranın iqtisadiyyatına təzyiq göstərməklə Tehranın güzəştə getməsinə nail olmaq istəyir.
Ekspertin diqqət çəkdiyi əsas məqam ABŞ-ın yeni əməliyyat qrupunun fəaliyyət dairəsinə Xəzər dənizinin daxil edilməsidir. “Svobodnaya Pressa”nın Xəzər dənizində qeyri-sahil dövlətlərinin hərbi qüvvələrinin mövcudluğunun qadağan edildiyi və təhlükəsizlik məsələlərinin sahilyanı ölkələrin müstəsna səlahiyyətinə aid olduğu barədə sualını cavablandıran ekspert bildirib ki, Vaşinqtonun bu addımı təkcə İrana deyil, həm də Xəzəryani dövlət olan Rusiyanın regional maraqlarına yönəlmiş çağırışdır.
O xatırladıb ki, Xəzər dənizinin sahilində beş dövlət yerləşir: Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan. 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyaya əsasən, Xəzərdə sahilyanı olmayan dövlətlərin silahlı qüvvələrinin iştirakı qadağandır, təhlükəsizlik məsələləri isə beş sahilyanı dövlətin səlahiyyətindədir. F.İbrahimovun fikrincə, ABŞ bununla Rusiya və İranın Xəzər hövzəsindəki maraqlarına təsir göstərmək, Moskvanın Tehranla əməkdaşlığını məhdudlaşdırmaq istəyir.
“Onlar demək istəyirlər: siz İranla münasibətləri inkişaf etdirmək istəyirsiniz, biz isə milli maraqlarınız zonasını hədəfə alacağıq”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, ABŞ-da Tramp administrasiyasının ətrafında Rusiyaya münasibətdə fərqli mövqelərə malik qruplar mövcuddur. Bir qrup Moskva ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olduğu halda, digər qüvvələr Rusiya ilə güc dili ilə danışmağın mümkünlüyünü düşünür. F.İbrahimov hesab edir ki, “Iron Gate” əməliyyat qrupunun yaradılması həm İranın, həm də Rusiyanın Xəzər regionundakı mövqelərinə təsir göstərmək cəhdi kimi qiymətləndirilə bilər. O, bu addımın Moskvanın Tehranla münasibətlərini inkişaf etdirməsi fonunda atılmasına xüsusi diqqət çəkib.
Ekspert həmçinin qeyd edib ki, İrana qarşı təzyiq və Xəzər hövzəsində fəallığın artırılması barədə açıqlama İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezainin Moskvaya səfərindən və Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra səsləndirilib. Görüş zamanı iki ölkə arasında münasibətlərin və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bildirilmişdi.
Azərbaycanın mövqeyinə gəlincə, “Svobodnaya Pressa”nın Xəzəryanı digər dövlətlərin bu məsələyə münasibəti barədə sualını cavablandıran ekspert bildirib ki, Qazaxıstanın, xüsusilə də, gərginliyin azaldılmasına və sülhə çağırış etməsi gözləniləndir. Ekspert Azərbaycanın isə daha ehtiyatlı mövqe tutmağa çalışacağını düşünür. Onun sözlərinə görə, Bakı ilə Donald Tramp arasında münasibətlər hazırda normal mərhələdədir və Azərbaycan bu amili nəzərə alacaq. Bununla belə, ekspert iddia edir ki, Vaşinqton Xəzəryanı dövlətlərin mövqeyini ciddi şəkildə nəzərə almağa meyilli deyil. O, ABŞ-ın İranla bağlı siyasətində regional təhlükəsizlik risklərinin, o cümlədən Xəzər hövzəsində yarana biləcək fəsadların lazımi səviyyədə qiymətləndirilmədiyini bildirib.Ekspertin qənaətinə görə, İranla qarşıdurmanın genişlənməsi təkcə Tehran və Moskvanın deyil, bütün Xəzəryanı dövlətlərin maraqlarına toxuna biləcək nəticələr doğura bilər.