Ermənistanda baş nazir Nikol Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında aylarla davam edən qarşıdurma yeni mərhələyə qədəm qoyur.
Musavat.com-un yekramos.org-a istinadən verdiyi xəbərə görə, avqustun 2-də yeni seçilmiş parlamentin ilk iclasının keçirilməsi ərəfəsində əsas müzakirə mövzularından biri bütün ermənilərin katolikosu II Qareginin iclasa dəvət edilib-edilməyəcəyidir.
Məsələ artıq siyasi qalmaqala çevrilmək üzrədir. Ermənistan mətbuatında yayılan məlumatlara görə, II Qareginin parlamentin ilk iclasında iştirakına imkan verilməyəcək. Onun əvəzinə hakimiyyətə yaxın mövqeyi ilə seçilən din xadimlərindən birinin parlamentə dəvət olunması ehtimalı gündəmə gəlib.
Hakim “Mülki müqavilə” partiyasından deputat Sarkis Xandanyan iyulun 29-da jurnalistlərə açıqlamasında katolikosun parlamentə dəvət olunmasının parlament rəhbərliyinin səlahiyyətində olduğunu bildirib. O, II Qaregini dünyəvi adı ilə – Ktrıç Nerisyan kimi təqdim edərək onun parlamentə dəvət olunmasının gözlənilmədiyini deyib. Müxalifət isə hakimiyyətin bu mövqeyini kilsəyə qarşı aparılan kampaniyanın davamı hesab edir.
“Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryanın sözlərinə görə, katolikosun yeni parlamentin ilk iclasında xeyir-dua verməməsi ölkənin müstəqillik tarixində presedentsiz hadisə olacaq. O bildirib ki, hakimiyyətin seçki proqramında katolikosun dəyişdirilməsinin siyasi prioritet kimi təqdim olunması bu vəziyyəti əvvəlcədən proqnozlaşdırmağa imkan verirdi.
Qriqoryan həmçinin xəbərdarlıq edib ki, II Qaregini əvəzləmək üçün başqa din xadiminin parlamentə gətirilməsi müxalifətin sərt siyasi reaksiyasına səbəb olacaq.
Erməni nəşri yazır ki, “Güclü Ermənistan” fraksiyasının deputatı Hayk Farmanyan da məsələyə hüquqi müstəvidən yanaşıb. Onun sözlərinə görə, qanun katolikosun parlamentin ilk iclasında iştirak etmək hüququnu müəyyən edir, digər din xadimlərinin isə bu formatda iştirak etməsi ayrıca prosedur kimi nəzərdə tutulmayıb.
Farmanyan bildirib ki, fraksiya II Qaregini parlamentə dəvət etmək təşəbbüsünü öz üzərinə götürmək məsələsini müzakirə edir. O, katolikosun dəvət olunmaması və ya başqa din xadimi ilə əvəzlənməsi halında bunun cavabsız qalmayacağını deyib.
Ekspertlər hesab edirlər ki, avqustun 2-də parlamentin ilk iclasında II Qareginin iştirak edib-etməməsi sadəcə protokol məsələsi deyil. Bu addım Paşinyan hakimiyyəti ilə kilsə arasındakı münasibətlərin gələcək istiqamətini müəyyənləşdirə bilər.
Müxalifət qüvvələri hesab edir ki, katolikosun kənarda saxlanılması hakimiyyətin kilsənin ictimai və siyasi nüfuzunu zəiflətmək strategiyasının bir hissəsidir.
Böyük ehtimalla Ermənistan parlamentinin avqustun 2-də keçiriləcək ilk iclası yalnız yeni qanunverici orqanın fəaliyyətə başlaması ilə yadda qalmaya bilər. II Qareginin parlamentdə olub-olmaması və hakimiyyətin onun yerinə başqa din xadimini dəvət edib-etməyəcəyi ölkədə dövlət-kilsə münasibətlərində yeni siyasi böhranın başlanğıc nöqtəsinə çevrilə bilər.