8 noyabr Azərbaycan tarixinə yalnız bir qələbə günü kimi yox, millətin əsrlərlə davam edən mübarizəsinin zirvəsi kimi həkk olundu. Bu gün artıq ötən hər il kimi deyil, yeni bir dövrün başlanğıcı kimi yaddaşlarda yaşayır. 2020-ci il 8 noyabrda Şuşanın işğaldan azad olunması təkcə Qarabağ savaşının dönüş nöqtəsi olmadı, bütün regionda siyasi nizamı dəyişdirən hadisəyə çevrildi. Bu günün mənəvi yükü o qədər böyükdür ki, hər bir azərbaycanlının qəlbində həm qürur, həm göz yaşı, həm də sonsuz minnətdarlıq hissi yaşayır.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, ordumuzun rəşadəti və xalqımızın birliyi sayəsində 30 il davam edən həsrət bitdi. Şuşanın azadlığı, əslində, bütün Qarabağın azadlığına aparan son qapı idi. Məhz bu qələbə xalqımıza hüququn, ədalətin və tarixin yenidən bərpa olunduğunu sübut etdi. Dünya bir daha gördü ki, Azərbaycanın iradəsi ilə hesablaşmamaq mümkün deyil.
Mingəçevirin Milli Məclisdəki səsi – deputat Aydın Mirzəzadə dəfələrlə çıxışlarında qeyd edib ki, 8 noyabrın mənası yalnız hərbi qələbə deyil, Azərbaycan dövlətinin gücünün, Prezident İlham Əliyevin strateji düşüncəsinin və xalqın millət kimi yenidən yüksəlişinin təcəssümüdür. Bu gün hər kəs bilir ki, torpaqlarımız təkcə hərbi yolla deyil, siyasi, diplomatik və beynəlxalq hüquqi əsaslarla bərpa olunub.
Əgər 8 noyabr 2020-ci ildə biz torpaqlarımızı azad etmişdiksə, bu gün həmin torpaqlarda həyat yenidən doğulur. Artıq Şuşadan, Füzulidən, Zəngilandan, Cəbrayıldan, Kəlbəcərdən və Laçından yüksələn işıqlar Qarabağın dirçəlişinin rəmzidir. Yeni evlər tikilir, yollar çəkilir, su və enerjı xətləri qurulur. İnsanlar doğma yurdlarına qayıdır, uşaqlar məktəblərə gedir, insanların səsi, gülüşü, nəfəsi bu torpaqlara yenidən həyat gətirir.
Deputat Aydın Mirzəzadə vurğulayır ki, bu gün aparılan quruculuq işləri dünyanın heç bir ölkəsində bu sürətlə həyata keçirilmir. Çünki Azərbaycan təkcə torpağını azad etmədi — onu dirçəltdi. Qarabağ artıq xəritədə tənha və viran bir bölgə deyil, böyük gələcəyin, inkişafın və yeni iqtisadi modelin nümunəsidir. Dövlətimiz tikinti, sosial təminat, iş yerləri və müasir şəhərsalma ilə bu torpaqları gələcək nəsillərə hazır şəkildə təhvil verir.
Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan bu gün regionun söz sahibidir. Dünyada güc mərkəzləri dəyişir, yeni siyasi xəritələr çəkilir və bütün bu prosesdə Azərbaycan adını qətiyyətlə yazmağı bacarır. Aydın Mirzəzadə dəfələrlə çıxışlarında bildirib ki, 44 günlük Vətən müharibəsi, əslində, Azərbaycan Prezidentinin 17 illik planlı siyasətinin nəticəsi idi. Bu siyasət həm diplomatik meydanda, həm informasiya cəbhəsində, həm də döyüş meydanında özünü göstərdi.
Zəfər Günü həm də şəhidlərimizin xatirəsinə ehtiram günüdür. Onların hər biri tariximizin ölməz qəhrəmanlarıdır. Azərbaycan xalqı artıq hər il bu günü həm qələbə, həm minnətdarlıq, həm də böyüklük hissi ilə qeyd edir. Çünki bu qələbə təkcə bir tarix deyil, bir taledir. Bu tale bizi birləşdirdi, gücləndirdi və yenidən doğurdu.
Bu gün keçmişdə xarabalığa çevrilmiş torpaqlarda müasir şəhərlər qurulur. Ağıllı kəndlər, ağıllı şəhərlər, yeni yollar, hava limanları, mədəniyyət mərkəzləri açılır. Bu, dünya dövlətlərinin belə qibtə ilə seyr etdiyi möhtəşəm bir prosesdir. Qarabağ yalnız Azərbaycan üçün yox, region üçün yeni iqtisadi nəfəs olacaq. Bu inkişafın arxasında isə yenə də dövlətimizin gücü və Prezident İlham Əliyevin beynəlxalq siyasətdə açdığı yollar dayanır.
Son beş ildə Azərbaycan xalqı sübut etdi ki, torpağını yalnız azad edən yox, həm də onu müasir şəkildə yenidən quran bir millətdir. Artıq işğaldan azad olunmuş bölgələrdə həyat var, işıq var, gələcək var. İnsanlar öz evlərinə qayıdıb qurur, becərir, inkişaf etdirir. Bu proses davam etdikcə Qarabağ daha da gözəlləşəcək, torpaq daha da çiçəklənəcək.
Bu qürur günündə hər kəs bir daha anlayır ki, Azərbaycan Ordusu, Azərbaycan dövləti və Azərbaycan xalqı tarix yazıb. Bu tarix əsrlərlə danışılacaq. Şuşanın azad olunması yalnız hərbi əməliyyat deyildi — milli oyanış, milli qürur, milli dirçəliş idi.
Bu gün 8 noyabr yalnız qələbə günü deyil — Azərbaycanın yenidən doğulduğu gündür. Zaman keçdikcə bu tarix daha çox qiymət qazanacaq, övladlarımız bu günü fəxrlə danışacaq, gələcək nəsillər bu zəfərin gücünü daha dərindən anlayacaq.
Deputat Aydın Mirzəzadə də bildirir ki, Azərbaycan xalqı bu qüruru hər zaman yaşayacaq və Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıda daha böyük zəfərlər olacaq. Çünki bu xalq bir dəfə ayağa qalxdı və bir daha geri addım atmayacaq.
Bu gün biz həm qalib dövlətin vətəndaşlarıyıq, həm də gələcək nəsillərə örnək olacaq tarixin şahidləriyik. Qarabağ Azərbaycandır – bu reallıq artıq bütün dünyaya möhür kimi vuruldu.
Və bu möhtəşəm qələbənin adı 8 noyabr – Zəfər Günüdür.