Tərtər rayonu son illərdə həm hərbi, həm də sosial cəhətdən strateji əhəmiyyətli bölgələrdən biri kimi xüsusi diqqət mərkəzindədir. Belə bir şəraitdə əhalinin fasiləsiz qaz təminatı, təhlükəsiz və stabil enerji infrastrukturunun qorunması dövlətin əsas prioritetləri sırasındadır. Bu məsuliyyətli və çətin vəzifənin başında dayanan şəxslərdən biri də “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsinin rəisi Elmir Bayramovdur. Onun fəaliyyəti təkcə texniki idarəçiliklə məhdudlaşmır – o, həm də insanlarla birbaşa ünsiyyətə önəm verən, problemi yerində həll edən, qaz təminatını sosial məsuliyyətlə həyata keçirən nümunəvi rəhbərdir.
Elmir Bayramov rəhbərliyə başladığı ilk gündən rayon üzrə qaz təsərrüfatının kompleks şəkildə yenilənməsini prioritet kimi müəyyən edib. Kəndlərdə köhnə qaz xətləri mərhələli şəkildə yenilənib, yeni yaşayış massivlərinə qaz xətləri çəkilib, təzyiq tənzimləyiciləri və təhlükəsizlik qurğuları müasir standartlara uyğunlaşdırılıb. Xüsusilə kəsişmə nöqtələrində və riskli ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib ki, hər bir abonent qazdan rahat və narahatlıq duymadan istifadə edə bilsin.
O, kabinet rəhbəri deyil – daim ərazidə, işin içində olan məmurdur. Mütəmadi olaraq kəndlərə səfər edir, yerində baxış keçirir, abonentlərin dərd-sərini dinləyir. Hansısa evdə qaz təzyiqi zəifdirsə, hansısa küçədə xətt nasazdırsa, dərhal göstəriş verir və problemi yerindəcə həll etdirir. Tərtərdə neçə ailə varsa, demək olar ki, Elmir Bayramov üçün hər biri bir tapşırıq, bir məsuliyyət deməkdir.
İdarədə mütəmadi olaraq vətəndaş qəbulları təşkil olunur. Qaz çəkilişi, sayğacların dəyişdirilməsi, boru xətlərinin bərpası ilə bağlı müraciətlər gecikdirilmədən yerinə yetirilir. O, heç bir vətəndaşın müraciətinin cavabsız qalmamasını xüsusi göstəriş kimi qəbul edib. “Rəhbər olmaq – yalnız tapşırıq vermək deyil, həm də xalqın dərdini bölüşməkdir” – bu, onun ən çox işlətməkdən çəkinmədiyi fikirlərdən biridir.
Elmir Bayramov sosial məsuliyyət məsələlərinə də böyük önəm verir. Şəhid ailələri, qazilər, aztəminatlı vətəndaşlar üçün həm qaz təminatında güzəştlər edilir, həm də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dəstək göstərilir. Xüsusilə qaz təchizatında problem yaşayan şəhid ailələrinin məsələləri operativ qaydada həll olunur, onların evlərinə şəxsən baş çəkərək vəziyyəti yerində yoxlayır.
O, kollektivinin də daim yanında olan rəhbərdir. İşçilərlə tələbkar, eyni zamanda ədalətli davranır. Hər bir əməkdaşa öz sahəsinin sahibi kimi yanaşmağı öyrədir. Onun rəhbərliyi ilə Tərtər Regional Qaz İstismarı İdarəsində həm yüksək intizam, həm də ailəvi mühit formalaşıb. Bu ünsiyyət tərzi nəticəsində işlər tək göstərişlə deyil, həm də səmimi əməkdaşlıqla irəliləyir.
Tərtərdə qaz təchizatının müharibə dövründə belə dayanmaması, sərt hava şəraitində belə əhali üçün fasiləsiz xidmətin qorunması təsadüfi deyil. Bu, məhz peşəkar təşkilatçılığın, qabaqcadan görülən tədbirlərin, ehtiyat planlarının düzgün qurulmasının nəticəsidir. Boru xətlərinin daim nəzarətdə saxlanması, qəfil qəzaların qarşısının alınması üçün dislokasiya briqadaları 24 saat hazır vəziyyətdə saxlanılır.
Elmir Bayramov üçün qaz yalnız istilik və enerji deyil – o, həm də rahatlıq, təhlükəsizlik və rifah deməkdir. O, hər bir evdə alovlanan ocağa bir dövlət xidmətinin etibarlı izahı kimi baxır. Onun məqsədi sadəcə qaz vermək deyil, həm də insanların etimadını qazanmaqdır.
Bu gün Tərtər Rayonunun ən ucqar kəndində belə qazla bağlı problem yaşananda ilk yada düşən ad Elmir Bayramov olur. Çünki o, işini sadəcə vəzifə kimi deyil, borc kimi qəbul edən rəhbərlərdən biridir. Öz şəxsi nümunəsi ilə göstərir ki, dövlət qulluqçusu olmaq masa arxasında oturmaq deyil – xalqın arasında, xidmətin ön cəbhəsində olmaqdır.