İyun ayının 5-i ölkəmizdə Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı Günü kimi böyük ehtiramla qeyd olunur. Bu əlamətdar gün münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti PHŞ-nin İdarə Heyətinin sədri Zakir Quliyevi və rəhbərlik etdiyi çoxsaylı kollektivi Pressmedia.info adından ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, ailə xoşbəxtliyi və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
Azərbaycanın meliorasiya və su təsərrüfatı sisteminin inkişaf tarixindən danışarkən uzun illər bu sahəyə peşəkarlıqla xidmət etmiş, öz zəhməti və fəaliyyəti ilə böyük hörmət qazanmış rəhbərlərdən biri kimi Zakir Quliyevin adı xüsusi ehtiramla çəkilir. O, fəaliyyətinin bütün mərhələlərində dövlət maraqlarını üstün tutmuş, ölkəmizin su təsərrüfatı sisteminin inkişafına mühüm töhfələr vermiş təcrübəli mühəndis və peşəkar idarəçi kimi tanınmışdır.
Uzun illər ərzində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində yüksək məsuliyyətli vəzifələrdə çalışan Zakir Quliyev bu sahənin ən mürəkkəb və strateji istiqamətlərində böyük təcrübə qazanmışdır. Onun fəaliyyəti təkcə inzibati idarəçiliklə məhdudlaşmamış, eyni zamanda ölkənin meliorasiya infrastrukturunun təkmilləşdirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, yeni layihələrin həyata keçirilməsi və kənd təsərrüfatının inkişafına xidmət edən mühüm proqramların icrası ilə müşayiət olunmuşdur.
Məhz bu peşəkar fəaliyyətin nəticəsi olaraq Zakir Quliyev ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən ona "Əməkdar mühəndis" fəxri adının verilməsi uzun illər ərzində göstərdiyi xidmətlərə verilən yüksək dövlət qiymətidir. Bu fəxri ad yalnız peşəkar fəaliyyətin deyil, həm də dövlətə sədaqətlə xidmətin, məsuliyyətli əməyin və yüksək ixtisasın göstəricisidir.
Bundan əlavə, onun "III dərəcəli Əmək ordeni" ilə təltif olunması da ölkəmizin meliorasiya və su təsərrüfatı sisteminin inkişafına verdiyi töhfələrin rəsmi təsdiqidir. Bu mükafatlar Zakir Quliyevin uzun illər ərzində formalaşdırdığı zəngin idarəçilik məktəbinin, yüksək peşəkarlığının və dövlətçilik prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Bu gün Regional Su Meliorasiya Xidməti PHŞ-yə rəhbərlik edən Zakir Quliyev ölkəmizin müxtəlif bölgələrində həyata keçirilən meliorasiya layihələrinin koordinasiyasında, suvarma sistemlərinin təkmilləşdirilməsində və kənd təsərrüfatının dayanıqlı inkişafına xidmət edən proqramların icrasında mühüm rol oynayır. Onun rəhbərliyi altında görülən işlər minlərlə fermerin fəaliyyətinə, torpaqların məhsuldarlığının artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə öz töhfəsini verir.
Su təsərrüfatı sahəsi yalnız texniki istiqamət deyil, həm də insanların rifahı ilə birbaşa bağlı olan strateji sahədir. Bu sahədə əldə olunan hər bir uğurun arxasında peşəkar mütəxəssislərin, mühəndislərin və rəhbərlərin gərgin əməyi dayanır. Zakir Quliyev də məhz belə rəhbərlərdən biri kimi uzun illər ərzində öz fəaliyyətini dövlətə, xalqa və ölkənin inkişafına xidmət prinsipi üzərində qurmuşdur.
Onun rəhbərlik etdiyi kollektivlərdə peşəkarlıq, nizam-intizam, vətəndaş məmnuniyyəti və dövlət maraqlarına sadiqlik əsas fəaliyyət prinsipləri kimi qəbul olunur. Bu isə həm əməkdaşlar arasında sağlam iş mühitinin formalaşmasına, həm də həyata keçirilən layihələrin yüksək keyfiyyətlə icrasına şərait yaradır.
Bu gün Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsinin inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar və infrastruktur layihələri nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə edilir. Zakir Quliyev də öz fəaliyyəti ilə bu siyasətin uğurla həyata keçirilməsinə töhfə verən təcrübəli rəhbərlər sırasında yer alır.
Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə Bayramı münasibətilə Zakir Quliyevi, Regional Su Meliorasiya Xidməti PHŞ-nin bütün əməkdaşlarını və bu sahədə çalışan hər kəsi Pressmedia.info kollektivi adından bir daha ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, ailə səadəti, yeni uğurlar və dövlətimiz naminə fəaliyyətlərində davamlı nailiyyətlər arzulayırıq. Azərbaycanın su ehtiyatlarının qorunması, torpaqlarımızın bərəkətinin artırılması və kənd təsərrüfatının inkişafı naminə çalışan bütün meliorasiya işçilərinin əməyi yüksək ehtirama layiqdir. Peşə bayramınız mübarək olsun!