Müqəddəs Qurban bayramı Azərbaycan xalqının əsrlər boyu yaşatdığı ən əziz mənəvi dəyərlərdən biridir. İnsanları xeyirxahlığa, mərhəmətə, yardımlaşmaya və birlik ruhuna səsləyən bu əziz bayram hər il ölkəmizin hər yerində olduğu kimi Ağstafa rayonunda da böyük ehtiram və yüksək təşkilatçılıqla qeyd olunur. Rayon sakinlərinin bayramı rahat, təhlükəsiz və yüksək əhval-ruhiyyə şəraitində keçirmələri üçün bütün zəruri tədbirlərin görülməsi Ağstafa Rayon İcra Hakimiyyətinin fəaliyyətində xüsusi yer tutur.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun rəhbərliyi ilə rayonda həyata keçirilən sosial yönümlü layihələr, vətəndaş məmnunluğuna hesablanmış tədbirlər və insanların problemlərinin operativ həlli istiqamətində görülən işlər sakinlər tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə də səyyar qəbulların mütəmadi təşkili, kənd və qəsəbələrdə əhali ilə birbaşa görüşlərin keçirilməsi insanların dövlətə olan etimadını daha da gücləndirir. Bu görüşlər zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilir, qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verilir.
Rayonda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı da xüsusi qeyd olunmalıdır. Seymur Orucov mütəmadi olaraq şəhid ailələrini ziyarət edir, onların problemləri ilə yaxından maraqlanır, qazilərimizin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işləri daim nəzarətdə saxlayır. Dövlətimizin qəhrəman övladlarının ailələrinə göstərilən bu diqqət rayon sakinləri tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır və dövlət-vətəndaş həmrəyliyinin bariz nümunəsi kimi dəyərləndirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq Ağstafa rayonunda abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələri, yol təsərrüfatının yenilənməsi, kəndlərin inkişafı və insanların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Rayonun müxtəlif yaşayış məntəqələrində görülən işlər Ağstafanın simasının dəyişməsinə, sakinlərin daha rahat və təhlükəsiz həyat sürməsinə mühüm töhfə verir.
Qurban bayramı günlərində də rayon rəhbərliyi tərəfindən əhalinin təhlükəsiz və keyfiyyətli ət məhsulları ilə təmin olunması məqsədilə bütün lazımi tədbirlər həyata keçirilib. Qurbanlıq heyvanların satışı və kəsimi məntəqələrində sanitariya-gigiyena qaydalarına riayət olunması, xidmətlərin müasir tələblərə uyğun təşkili daim diqqət mərkəzində saxlanılıb. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun məsul şəxslərlə birlikdə Həsənsu kəndində fəaliyyət göstərən heyvan satışı və kəsimi məntəqəsinə baş çəkməsi, xidmətlərin yüksək səviyyədə təşkilinə dair tapşırıqlar verməsi bu sahəyə göstərilən diqqətin növbəti nümunəsi olub.
Bu gün Ağstafada müşahidə olunan sabitlik, sosial rifah və inkişaf mühiti həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Rayon sakinləri dövlət tərəfindən göstərilən qayğını gündəlik həyatlarında hiss edir, görülən işləri yüksək qiymətləndirirlər. İnsan amilinin ön planda saxlanılması, vətəndaş məmnunluğunun əsas meyar kimi qəbul edilməsi rayonun uğurlu inkişafını təmin edən başlıca amillərdəndir.
Qurban bayramı həm də paylaşmaq, ehtiyacı olan insanların yanında olmaq, mərhəmət və xeyirxahlıq göstərmək bayramıdır. Ağstafada bu müqəddəs günlərdə aztəminatlı ailələrə, şəhid ailələrinə və digər həssas təbəqələrə göstərilən diqqət və qayğı insanların qəlbində xüsusi minnətdarlıq hissi yaradır. Bu ənənələr xalqımızın yüksək mənəvi dəyərlərinin yaşadılmasının parlaq göstəricisidir.
Müqəddəs Qurban bayramı münasibətilə Ağstafa rayonunun bütün sakinlərini səmimi-qəlbdən təbrik edir, kəsilən qurbanların, edilən duaların və xeyirxah əməllərin Uca Tanrı dərgahında qəbul olunmasını arzulayırıq. Qoy bu əziz bayram hər bir evə sevinc, ruzi-bərəkət, sağlamlıq və firavanlıq gətirsin. Qoy xalqımızın həmrəyliyi, dövlətimizin qüdrəti və Vətənimizin inkişafı daim davamlı olsun.