Quba Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru,
İlham QaraqurbanlıBu il Azərbaycan xalqı müasir dövlətçilik tariximizin memarı, dahi siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd edir. 10 May tarixi təkcə böyük bir şəxsiyyətin doğum günü deyil, həm də Azərbaycan dövlətçiliyinin xilası, milli dirçəlişin başlanğıcı və qüdrətli Azərbaycanın formalaşmasının simvoludur. Heydər Əliyevin 103 illik yubileyi fonunda onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri daha aydın görünür. Çünki zaman keçdikcə Ulu Öndərin siyasi irsinin miqyası daha dərindən dərk olunur.
Azərbaycanın mürəkkəb və ziddiyyətli siyasi tarixində Heydər Əliyev fenomeni xüsusi yer tutur. O, təkcə müəyyən bir dövrün lideri deyil, bütöv bir dövlətçilik məktəbinin banisi idi. Ulu Öndərin siyasi fəaliyyətinə nəzər saldıqda aydın görünür ki, onun əsas məqsədi Azərbaycanın əbədi müstəqilliyini təmin etmək, milli maraqları qorumaq və gələcək nəsillərə güclü dövlət mirası qoymaq olub. Bu baxımdan Heydər Əliyevin 103 illik yubileyi həm də onun qurduğu dövlətçilik strategiyasının uğurlarının qiymətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Beynəlxalq münasibətlər sistemində daim böyük dövlətlərin güc siyasəti hökm sürüb. Tarix boyu kiçik xalqlar və dövlətlər müxtəlif təzyiqlərə, işğallara və siyasi manipulyasiyalara məruz qalıblar. Belə mürəkkəb geosiyasi şəraitdə dövlətin ayaqda qalması üçün güclü siyasi liderlik əsas amilə çevrilir. Azərbaycan da müxtəlif dövrlərdə bu təhlükələrlə üz-üzə qalmışdır. Məhz belə bir tarixi mərhələdə Heydər Əliyev kimi uzaqgörən liderin yetişməsi xalqımızın taleyində dönüş nöqtəsi oldu.
1990-cı illərin əvvəllərində Azərbaycan faktiki olaraq parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ölkədə siyasi xaos hökm sürür, iqtisadiyyat iflic vəziyyətinə düşür, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımız işğal olunurdu. Belə ağır bir dövrdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyimizin xilası oldu. 1993-cü ilin 15 iyun tarixində onun yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi əbədi yadda qaldı. Məhz Ulu Öndərin qətiyyəti nəticəsində ölkədə sabitlik təmin edildi, dövlət institutları quruldu və müstəqilliyimiz qorundu.
Ulu Öndərin siyasi fəaliyyətində Naxçıvan mərhələsi xüsusi əhəmiyyət daşıyır. 1990-cı ildə Naxçıvana qayıdan Heydər Əliyev burada Azərbaycanın gələcək müstəqillik yolunun əsasını qoydu. Naxçıvan Ali Məclisində qəbul edilən tarixi qərarlar – üçrəngli bayrağın dövlət rəmzi kimi qəbul olunması, sovet atributlarından imtina edilməsi və milli dövlətçilik ideyalarının önə çəkilməsi Azərbaycanın gələcək istiqlal yolunu müəyyənləşdirdi. Bu baxımdan müstəqilliyə aparan yolun məhz Naxçıvandan başladığını demək tamamilə doğru olar.
Heydər Əliyevin dövlətçilik strategiyasının əsas istiqamətlərindən biri güclü iqtisadiyyatın formalaşdırılması idi. O yaxşı anlayırdı ki, iqtisadi baxımdan zəif dövlət siyasi cəhətdən də müstəqil ola bilməz. Məhz buna görə də Ulu Öndər Azərbaycanın enerji strategiyasını müəyyənləşdirərək “Əsrin müqaviləsi” kimi möhtəşəm layihənin əsasını qoydu. Bu müqavilə ölkəmizin iqtisadi inkişafında dönüş nöqtəsinə çevrildi və Azərbaycanı beynəlxalq enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevirdi. Bu gün ölkəmizin iqtisadi gücünün təməlində də məhz Heydər Əliyev strategiyası dayanır.
Ordu quruculuğu da Ulu Öndərin dövlətçilik fəlsəfəsində xüsusi yer tuturdu. Heydər Əliyev güclü ordunun dövlətin təhlükəsizliyinin əsas təminatı olduğunu yaxşı bilirdi. Hələ sovet dövründə milli hərbi kadrların yetişdirilməsi istiqamətində atılan addımlar sonradan müasir Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynadı. 1993-cü ildən sonra nizami ordu quruculuğu prosesi daha da sürətləndirildi və dövlətin müdafiə qabiliyyəti gücləndirildi. Bu siyasətin nəticəsi olaraq Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi.
Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə öz tarixinin ən qüdrətli mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Heydər Əliyev siyasətinin ən böyük təntənəsi oldu. Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edərək xalqımızın milli qürurunu bərpa etdi. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri ilə isə ölkəmizin suverenliyi tam təmin olundu.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri Azərbaycanın yeni inkişaf mərhələsinin göstəricisidir. Bütün bunlar bir daha sübut edir ki, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası yaşayır və uğurla davam etdirilir. Müasir Azərbaycan artıq regionda yeni geosiyasi reallıqlar yaradan güclü dövlətə çevrilib.
Heydər Əliyevin 103-cü ildönümü münasibətilə bir daha əminliklə demək olar ki, Ulu Öndərin ideyaları yaşayır, onun müəyyən etdiyi siyasi kurs Azərbaycanı daha böyük uğurlara aparır. Bu gün azad Şuşada dalğalanan üçrəngli bayrağımız, güclü ordumuz, sabit dövlətimiz və milli ruhda yetişən gəncliyimiz Heydər Əliyev dühasının təntənəsidir. Azərbaycan xalqı öz böyük liderinin əziz xatirəsini daim ehtiramla yad edir və onun əbədi dövlətçilik irsini gələcək nəsillərə böyük qürurla ötürür.